Kişilərdə 20, qadınlarda isə bu risk 40 faiz çoxalır Gündə 6 saatdan artıq oturaq həyat tərzi vaxtından əvvəl ölüm riskini 40
faiz artırır. Yeni aparılan araşdırmalar oturaq işin yeni təhlükəsini
üzə çıxarıb. Araşdırmaçılar müasir insanların həyat tərzinin tamamilə
oturaq olmasından narahatdırlar.
"Medical Coding" tədqiqat mərkəzinin araşdırmasının nəticəsinə görə,
oturmaq müddətinin uzunluğu ofis işçilərinin həyatını bir neçə dəfə
qısaldır.
"Oturmaq insanları kökəldir, tənbəlləşdirir və zəiflədir. Bu da bizim
həyatımız bahasına başa gəlir", deyə alimlər xəbərdarlıq ediblər.
Onların sözlərinə görə, gündə 6 saatdan artıq oturan kişilərdə gənc yaşda həyatdan köçmək riski 20, qadınlarda isə 40 faizdir.
Sən demə, oturaq vəziyyətdə çox qalanda orqanizmdə yaxşı təsirə malik
olmayan proseslər gedir. Belə ki, əzələlərin elektrik aktivliyi sıfıra
enir, kalori yandırılması azalır, maddələr mübadiləsini gücləndirən və
hüceyrələrdə sintez olunan enzimlərin (biomolekul) yaranma faizi aşağı
düşür.
Bundan əlavə, iş şəraiti oturaq olanlar daha çox gəzənlərlə müqayisədə ürək xəstəliklərindən iki dəfə çox əziyyət çəkirlər.
Bəşəriyyət tarixində ilk dəfə olaraq orta oturmaq göstəricisi 9,5 saata çatıb.
"Faktlar bizim oturmağa yatmaqdan daha çox vaxt sərf etdiyimizi
göstərir. Belə ki, yuxu üçün müasir insan gündə ən çoxu 7 saat vaxt
ayırır", deyə hesabatda qeyd edilir.
Oturaq həyat tərzinin fəsadlarını aradan qaldırmaq insanın öz əlindədir.
Hər kəs bunun üçün ən azı nir neçə cəhd edə bilər. Ən yaxşı variant isə
gündə ən azı 30 dəqiqə gəzmək, fiziki aktivliyi artırmaq və mümkün
qədər ofis daxilində gəzməyə, ayaq üstə dayanmağa çox vaxt ayırmaqdır.
|