Şamil 1797-ci ilin 9 iyununda Dağıstanın Gimri aulunda Dəngi
Məhəmmədin ailəsində anadan olmuşdu. Onun ulu babası vaxtilə bütün
Qafqazda tanınan qulluq Əmir xan idi. Anası Baxu Məsəd isə avar bəyi Pir
Budağın qızı idi. Uşağın adı Əli idi. Amma arıq və sısqa olduğuna, daim
xəstələndiyinə görə qədim adətə uyğun olaraq uşağın adını dəyişib
dayısının adını — Şamil qoydular ki, onun kimi sağlam və igid olsun. O,
böyüdükcə sağlam və güclü bir gəncə çevrildi. Yaxşı təhsil aldı. O,
təhsilini mədrəsədə almış, ərəb və fars dillərini öyrənmişdi.
Şeyx Şamilin ölkəsinin azadlığı uğrunda apardığı mübarizə dünya azadlıq
müharibələrinin ən möhtəşəmlərindəndir. Kiçik bir qəbilə rəisinin bir
ovuc mücahidlə 125 milyonluq dövləti 25 il çaşbaş salmasına başqa bir
nümunə tapmaq mümkün deyildir. Ancaq müstəbid I Nikolaya Şamili əsir
götürmək qismət olmadı. 1859-cu ildə əsir düşən Şamili rus çarlarından
nisbətən alicənab olan II Aleksandr süfrəsinin başında oturtmuş və: —
«Sizi süfrəmin qonağı etməklə böyük bir şərəf duyuram» — demişdi. Şamil
də cavabında: — «Mən də sizi süfrəmin başında qonaq etsəydim böyük şərəf
duyardım.» -demişdi. Və çar «böyük adam», «böyük adam» — deyə-deyə
hətta heyranlığını gizlətməmişdi.
Ruslara
əsir düşmüş Şamili Peterburqa gətirmişdilər. Oğlu Qazı Məhəmməd, bir
neçə müridi də onunla bərabər gətirilmişdir. Şamilin yaşadığı
«Znamenski» meydanı bütün günü adamla dolu olurdu. Mehmanxananın
qabağından, onun dəhlizlərindən, pilləkənlərindən adam əlindən
keçməkmümkün deyildi. Əsir Şamilin yanına pristav təyin olunmuş
polkovnik Runovski bütün günü camaatı sakit etməkdən əldən düşürdü. Hamı
Şamili görməyə, onun geyiminə, davranışına, hərəkətinə tamaşa etməyə
can atırdı. Onun yanına isə ancaq yüksək rütbəli, adlı-sanlı adamlar yol
tapa bilirdi. Onlara müqavimət göstərməkdə Runovski aciz idi.
Deyilənlərə görə, Şeyx Şamilin öz zəngin kitabxanası var imiş. Həmin
kitabları on qatıra yükləyərək iyirmi beş il yurddan-yurda daşıyıb.
Kitabsız dolana bilməzmiş. Sonralar Qunib dağında təslim olan zaman
Şamil xahiş edib ki, qılıncını və kitablarını əlindən almasınlar.
Kaluqada yaşayanda həmişə kitab istəyərmiş. Özü də belə deyib: «Qılınc təqsiri üzündən çox döyüşlər uduzulub, lakin kitab təqsirindən biri də olmayıb.»
Oğlu Camaləddin Rusiyadan qayıdanda Şamil onu məcbur edib dağlı libası
geyinsin, amma kitablarına toxunmayıb. «Kafir kitabları»nı çaya atdırmaq
istəyənlərə imam belə cavab verir: «Bu kitablar doğma
torpaqlarımızda bizə güllə atmayıb. Onlar aullarımızı yandırmayıb,
adamlarımızı öldürməyib. Kim kitaba sataşsa, kitab da onu biabır edər».
Hətta Mirzə Kazımbəylə görüşüb ayrılarkən Şeyx Şamil demişdir: «Kaluqadakı tənhalığımı boğmaq üçün xahiş edirəm, mənə öz kitabxananızdan bir neçə kitab verəsiniz.»
Səhər Kazımbəy öz kitabxanasından seçdiyi on beş kitabı Şamilə
göndərəcəkdi: «Həmin günün axşamı isə Kazımbəy, Ş. Şamil və onu müşayiət
edənlər Peterburqun Marinski teatrına dəvət olunmuşdular. Salondakılar
onları böyük hərarətlə qarşıladılar. Əvvəlcə «Katerina» baletini
göstərdilər. İlk dəfə səhnə tamaşası görən Şamil və onun müridləri
artistlərin hər bir hərəkətinə çox böyük diqqətlə baxırdılar. Balet
haqqında heç bir təsəvvürü olmayan Şamil isə lap valeh olmuşdur. Arabir
Kazımbəy əsərin məzmununu ona açır, hadisələri nəql edirdi.»
Sonra «Pəri» baletindən bir səhnəni göstərdilər. Mövzusu Şərq həyatından
alınmış bu baletdə hərəmxana təsvir olunurdu. Tamaşanın ortasında
səhnəyə sultan çıxdı və öz arvadları ilə rəqsə başladı. Şamil çox
bərkdən və qeyri-adi güldü.
— Nəyə güldünüz, cənab Şamil? — deyə Kazımbəy təəccüblə soruşdu.
— Siz yaxşı bilirsiniz ki, bütün bunlar yalandır, uydurmadır. Sultanlar
rəqs etməzlər. O hansı Sultandır ki, öz arvadları ilə rəqs edir? —
deyib yenə də bərkdən güldü.
Runovski Kazımbəylə Şamilin görüşündən aldığı təəssürat altında
gündəliyində yazmışdı: «İki misli görünməmiş adamdan gör necə məclis
yaranmışdı: döyüşçü və alim. Bunların həyat və məqsədləri necə də
bir-birindən seçilir. Hərəsinin öz şöhrəti var! Bununla bərabər, onların
bu yaxınlığında necə də böyük bir ahəng var. Yəqin ki belə bir görüşün
mümkün olacağı heç birinin ağlına da gəlməzdi, yəqin ki bütün dünyada
heç kimin də ağlına gəlməzdi.»
Kazımbəyin Şamillə görüşlərdən aldığı təəssürat da çox güclü idi. Xeyli
vaxt bundan qabaq yazmağa başladığı «Müridizm və Şamil» kitabı üçün bu
görüşlər xeyli məlumat vermişdi. Kazımbəy üçün bu vaxta kimi sirr olaraq
qalmış çox məsələnin üstünü açmışdı. Kazımbəy bu kitabı 1859-cu ildə
çap etmişdi.
Şeyx
Şamil Kaluqada bir müddət əsir kimi yaşamış və burada milli azadlıq
qəhrəmanlarına qarşı böyük hörmət görmüşdür. Nə qədər hörmət görsə də,
bu «Hürriyyət Qartalı» dustaqlığa dözə bilməmişdi. On illik əsarətdən
sonra Sultan Əbdüləzizin köməyi ilə oğlu Qazı Məhəmmədi girov qoyaraq
Həccə getmək üçün rus çarından icazə almışdı. Şeyx Şamil Mədinəyə
gedərkən İstanbuldan keçmiş və İstanbul əhli bu böyük insanı böyük
məhəbbətlə qarşılamışdı. Həmçinin dövlət adamları da ona layiq olduğu
hörməti etmişdilər. Əlisə Nicat özünün «Dünya sərkərdələri» əsərində
Şamilin Kəbəyə-mübarəki ziyarəti haqqında belə yazır: «1871-ci ildə
Müqəddəs Məkkə şəhərində dünyanın bütün qitələrindən gələn
saysız-hesabsız zəvvarlar arasında 74 yaşlı bir zəvvar da var. Onun ağ
saqqalı, nurani və mərdanə görkəmi yanı ilə gedənləri ilk baxışdan özünə
cəlb edir, baxışlarda və ürəklərdə hörmət və pərəstiş hissləri oyadır.
Qəlbindəki rəğbət hisslərini gizlədə bilməyən belə zəvvarlardan biri
axırda dözməyib səhərdən onunla yanaşı şəxsin əbasının ətəyindən
yapışır:
— Ey hörmətli şəxs, — deyir, — bu müqəddəs məkanın xatirinə, de görüm, kimsən?
Zəvvar ağır-ağır ona tərəf dönür. Bu söhbəti eşidən ətrafındakılar da
ona tərəf dayanır. Zəvvar ondan xeyli cavan olan adamın maraq, hörmət və
pərəstişlə dolu çöhrəsinə baxıb deyir:
— Mən Şeyx Şamiləm.
— Necə? — deyə zəvvar qulaqlarına inanmır.
— Qırx il qart canavarla pəncə-pəncəyə gələn Dağıstan və Çeçenistanın imamı olan Şeyx Şamiləm.
— Sənə fəda olum, ya imam, izn ver əlini öpüm...
Səs, söz bir anda ətrafa yayılır və on minlərlə, yüz minlərlə insan ona
doğru gəlib üzünü görməyə, əlini, əbasının ətəyini öpməyə can atırlar.
Bunu görən Kəbənin baş şeyxi adamlardan hündürə qalxıb ərəbcə, türkcə və farsca çağırır:
— Ey müsəlmanlar, ey Allahın mömin bəndələri, bir-birinizi basıb
əzməyin. Yerinizdə dayanın. Şeyx Şamil həzrətlərinin üzünü görmək,
səsini eşitmək üçün onun Allah-taalanın Kə'bəyi-mübarəkinə çıxmasına izn
verilir. Qoy çıxsın və siz də doyunca baxın ki, qayıdandan sonra
ləşkər-ləşkər kafirləri qırx il cəhənnəmə vasil edən əfsanəvi bir
müsəlmanı gözlərinizlə gördüyünüzə and içə biləsiniz.
Yüz minlərlə zəvvardan təqdiredici uğultu keçdi. Hamı aralandı və o
vaxta qədər yerində donub qaldı ki, XIX əsrin ən qüdrətli insanı
asta-asta Kə'bəyə doğru addımladı. Bu min üç yüz il ərzində müsəlman
bəndəsinə göstərilən ən böyük iltifat idi.
Şeyx Şamil Məkkədən sonra Mədinəyə getmiş, peyğəmbərin qəbrini ziyarət etmiş, 1871-ci ildə orada da vəfat etmişdi.
Mənbə İlyas Həsənov,Ellada Həziyevanın Əslində onlar kimdir? kitabından