Niyə klavyaturada hərflər əlifba (ABCDEF) sırasıla yox, (“QWERTY”) şəklində düzülüb?
| 30.06.2011, 01:23 |
Kompüter klaviaturasına baxan hər kəs, yazı klavişlərinin birinci
sırasında duran ilk 6 hərfin "QWERTY” olduğunu asanlıqla görə bilər,
lakin hərflərin niyə əlifba sırası ilə deyil, məhz belə nizamsız şəkildə
düzülməsinin səbəbi isə ola bilsin çoxlarına məlum deyil.
Ona
görə də məlumunuz olsun ki, "QWERTY” tərtibatı, hələ kompüter kəşf
olunmamışdan xeyli qabaq yaranıb. Özü də bu düzülüşün tarixi, sən demə,
yazı makinasının ixtirası ilə bağlıdır.
İlk dəfə yazı makinası
düzəltmək ideyası, deyilənlərə görə Genri Mill adlı ingilis mühəndisinin
ağlına gəlir. Ona, hətta 1714-cü ildə Britaniya kraliçası Annanın
icazəsi ilə "Hərflərin mexaniki maşınla kağız üzərinə köçürülməsi
metodu”nu kəşf etdiyinə görə patent də verilir. Lakin, Mill nə qədər
çalışsa da bu ideyanı nəzəriyyədən praktikaya tətbiq edə bilmir.
Sonradan başqa ixtiraçıların da cəhdlərinə baxmayaraq, bu məsələ XIX
əsrin 60-cı illərinə kimi həll olunmamış qalır. Problemin həllini isə,
vaxtı ilə Amerikanın Vinskonsin ştatında qəzet redaktoru işləmiş
Kristofer Şouls tapdı.
Yazı makinaları məşhur yazıçı Mark Tveni necə bankrot etdi?
Təəccüblüdür
ki, Kristofer Şouls yazı qurğusunu nəşriyyatda işləyəndə yox, Miluoki
limanının gömrükxana rəisi vəzifəsinə keçəndən sonra kəşf etmişdi. Yeni
işində Şouls jurnalist fəaliyyətini dayandırmalı olsa da, o, əvvəllər
qələmlə məqalə yazanda, yaxud hansı isə yazının üzünü köçürəndə nə qədər
əziyyət çəkdiyini unuda bilmirdi. Kristofer hələ o zamanlar yazı işini
yüngülləşdirən bir metodun mümkünlüyünə inanırdı, lakin onu tapmağa vaxt
ayıra bilmirdi. Təzə vəzifəsində Şoulsun işinin elə də ağır olmaması və
boş vaxtının çox qalması, ona yenidən yazı prosesini asanlaşdıran metod
axtarmağa imkan verdi. Asudə vaxtlarında yerli emalatxanaların birində
çalışan Şouls və onun kompanyonu Karlos Qlidden bir müddətdən sonra
kitab səhifələrini ardıcıl nömrələyən aparat ixtira edirlər. Məhz bu
sadə qurğudan yazı maşını öz başlanğıcını alır.
İlk yazı makinası
Morze əlifbasını yazmaq üçün istifadə edilən köhnə teleqraf açarından
və linglərdən yığılır. Şouls linglərinin ucuna literləri elə bərkidir
ki, linglər hərəkətə gələndə bu dəmir hərflər kopirkaya dəyərək onun
altındakı kağıza həmin hərfin surətini salırdı. Şouls 1867-ci ildə öz
ixtirasına patent alır və onun kütləvi istehsalı isə altı il sonra iri
silah şirkəti "Reminqton Rend” firması tərəfindən həyata keçirilir. İlk
yazı maşınları çox baha olsalar da, istifadəçilər onlardan razılıq
edirdilər. İstifadəçilər arasında Mark Tven təxəllüsü ilə yazan keçmiş
mətbəə işçisi Semyuel Klemens də var idi. Yazı makinaları məşhur
yazıçını o qədər məftun edir ki, yazıçı onların istehsalına küllü
miqdarda pul qoyur. Lakin, biznes özünü doğrultmur və Mark Tven, demək
olar ki, tamamilə müflis olur.
Niyə, "QWERTY” hələ də dəyişməz qalır?
Kristofer
Şouls ilk dəfə makinanı yığanda müəyyən faktorları nəzərə almayaraq,
hərfləri "ABCDEF...” əlifba sırası ilə düzmüşdü. Lakin, maşını işlədəndə
Şouls görür ki, istifadə zamanı makinada linglər tez-tez bir-birlərinə
dolaşır, sürətli yazıda isə ilişmələr daha da artaraq yazı prosesini
pozur. Bu səbəbdən Kristofer çox işlənən hərflərin qollarını
bir-birlərindən aralı, onların klavişlərini isə şəhadət barmağından
uzaqda, makinanın qıraq hissələrində yerləşdirir. Beləliklə, "QWERTY”
adlanan bir düzülüş alınır. Belə düzülüş yazı prosesini bir qədər
ləngitsə də, əvəzində rahat çap etmək imkanı verdi.
Çox
maraqlıdır ki, Şoulsun yaratdığı "QWERTY” düzülüşü bu günə kimi dəyişməz
olaraq qalıb. Mütəxəssislər bu tərtibatı bir neçə dəfə dəyişməyə cəhd
etsələr də, onların ideyaları qəbul edilməyib, halbuki, onların arasında
daha səmərəli düzülüşlər də olmuşdu. Məsələn, 1932-ci ildə Vaşinqton
Statistika Universitetinin professoru Avqust Dvorakın yığdığı klaviatura
sürətli yazı baxımından daha əlverişli idi. Dvorak tez-tez işlədilən
hərfləri barmaqların başlanğıc vəziyyətində durduğu klaviaturanın orta
sırasına elə düzür ki, yalnız bir cərgədən istifadə etməklə üç minə
qədər çox istifadə edilən ingilis sözlərini çap etmək olurdu. Halbuki,
QWERTY-ın orta sırası cəmi yüz söz yazmağa imkan verir. Lakin,
istifadəçilərin QWERTY-yə olan rəğbəti və ona bərk öyrəşməsi digər
tərtibatların meydana çıxmasına imkan vermir. Kompüterdə yazmağın üstünlükləri nələrdir?
Klaviatura
kompüterdə müəyyən əməliyyatları aparmaqla yanaşı, həm də rahat mətn
yığımı üçün də çox əlverişli şərait yaratdı. Onun kompüterlə
əlaqələndirici mikroprosessoru olduğu üçün, ani olaraq iki klavişi
basmaqla latın əlifbasından istənilən şriftə keçmək mümkündür. 1995-ci
illərdən başlayaraq "Microsoft” şirkətinin hazırladığı kompüter ofis və
nəşriyyat proqramları yazarların zəhmətini xeyli yüngülləşdirməyə
başladı. Kompüterdə çap etməyin yazı makinasından əsas üstünlükləri
ondadır ki, əvvəla, xüsusi proqramlar var ki, onlar yazıdakı orfoqrafik
səhvləri avtomatik tapıb göstərir və yazan üçün mətndəki hərf səhvlərini
düzəltmək çox asan olur. İkincisi, kompüterdə mətni tam hazırlayıb
qurtarana kimi kağızdan istifadə olunmur. Yazı maşınında isə bir səhvə
görə bütöv səhifəni cırıb atıb, təzəsini yazmalı olurdun. Bunlardan
əlavə, kompüterdə hazır mətni sonsuz sayda kopiya və printerdə çap
etmək, fayl şəklində diskdə, fləşdə və yaxud internet vasitəsilə
istənilən yerə göndərmək mümkündür.
Sonda isə qeyd edək ki,
respublikamızda latın əlifbası işlədildiyi üçün biz də öz iradəmizdən
asılı olmayaraq kompüterdə yazı yazarkən "QWERTY”, daha doğrusu "W”
hərifini "Ü”-yə dəyişməklə "QÜERTY” düzülüşündən istifadə edirik. Lakin,
tam əminliklə demək olmaz ki, "QÜERTY” tərtibatı Azərbaycan dili üçün
tam əlverişlidir. Təcrübə göstərir ki, əksər sözlərin yazılışında, ya
sağ əlin barmaqları çox işləyir, ya da ki, sol əlin. Yəqin ki, bu qüsur
"QWERTY”-nin ingilis dili üçün nəzərdə tutulması ilə bağlıdır. Görünür,
zaman keçdikcə biz də "QWERTY”-yə tam öyrəşib başqa tərtibatları qəbul
etməyəcəyik. Vərdişi tərgitmək, vərdiş etməkdən daha çətin olur axı!...
|
Bölmələr: Dərslər | Müəllif: shamsi_84
|
Baxılıb: 916 | Yüklənib: 0
| Reytinq: 5.0/1 |
Добавлять комментарии могут только зарегистрированные пользователи. [ Регистрация | Вход ]
|